“Futbolçuların istəksiz oynamasını araşdıracağıq” - Aftandil Hacıyev
19.02.2022 - 17:43
“Futbolçuların istəksiz oynamasını araşdıracağıq” - Aftandil Hacıyev

“Oyun haqda danışılası çox şey yoxdur. Ümumilikdə maraqlı mübarizə oldu”.

Apasport.az saytının məlumatına görə, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVI turunda “Qəbələ”yə 0:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Hacıyev Qəbələdəki matçın ardından mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk hissədə müəyyən boşluqlar verdik. Rəqibin fərdi baxımdan yüksək keyfiyyətə malik və hər an oyunu üzərinə götürə bilən futbolçularının olduğunu bilirdik. Oyunun fasiləyə kimi heç-heçə yekunlaşacağını gözləmirdim. Ancaq fasilədə müəyyən söhbətlərdən sonra görünür futbolçularda diqqət daha da artıb. Bəzi oyunçuların istəksiz olması, sona qədər mübarizə aparmaması açıq sezilirdi və məni təəccübləndirdi. Açığı, bu məqam bizi narahat edir. Səbəbin nə olduğunu bilmirəm”.

Baş məşqçi heyətdə itkilərin olmasının onlara problem yaratdığını söyləyib: “Yalnız ikinci hissənin 20 dəqiqəsi məni razı sala bilərdi. İtkilərimiz də var. Onsuz da, heyətimiz geniş deyil. Hər hansı itki olanda oyunumuza da təsir edir. Əsas heyət üzvlərindən Nikolas Rayselin olmaması oyunumuzu daha da geri salır. Hər kəs kimi, bizim üçün də Qəbələdə oynamaq çətindir. Nadir hallarda rəqiblər buradan xalla ayrıla bilir. Biz də bura xal qazanmaq üçün gəlmişdik, alınmadı. Yenə də hər matçda xal ehtiyatımızı artırmağa çalışacağıq. “Qəbələ” bu gün layiqli qələbə qazandı”.

Aftandil Hacıyevin fikrincə, Premyer Liqanın növbəti mövsümündə 10 komandanın iştirak etməsinin və heç bir klubun elitanı tərk etməməsinin öncədən bilinməsi futbolçuların motivasiyasına təsir edir: “Ancaq futbolçuların istəksiz oynamasının sırf bu amillə əlaqədar olduğunu düşünmürəm. Müəyyən səbəblər var, araşdırıb, dəqiqləşdirəcəyik. İdman prinsipi baxımından mübarizə çempionatın əvvəlindən sonuna kimi qaydalar çərçivəsində olanda komandaların axıra qədər mübarizəni davam etdirməyə səbəbləri olur. Problemlər onsuz da çoxdur. 10 komandanı mövsümün sonunda elan eləmək yəqin gec olur. Mövsümün ilk yarısından sonra bunu elan etdilər. Təbii ki, qərarlaşdığımız mövqe bizi razı salmır. Bilirik ki, bütün rəqiblərin heyəti bizdən güclüdür. Aşağı diviziona düşməsək belə, sonuncu pillədə qalmaq heç birimizi qane etmir”.

O, mövsümün qalan hissəsində gənc futbolçulara üstünlük verəcəklərini vurğulayıb: “Əvəzedici heyətdən bir neçə oyunçu əsas komandaya cəlb etmişik. Bu gün də onlardan birini meydana buraxdıq. Onsuz da, bizdə yerlilər çoxluq təşkil edir. Ancaq sayı U-19 komandasından və əvəzedicilərdən götürdüyümüz futbolçularla artırırıq. Getdikcə onlara daha çox şans verməyə çalışacağıq”.