Qış fasiləsi yaranan kimi heyətində təmizləmə işləri aparan “Keşlə” artıq transfer çalışmalarına başlayıb.
Apasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi Sənan Qurbanov, xüsusən də, hücum xəttinin gücləndirilməsini istəyir.
Paytaxt təmsilçisinin transfer siyahısında olan futbolçulardan biri yaxın keçmişdə ölkəmizdə çıxış etmiş Peyman Babayidir. 2019-20-ci illərdə “Sumqayıt”ın formasını geyinmiş 28 yaşlı forvarda artıq təklif də göndərilib.
Düzdür, iranlı forvardın hazırda “Traktor”un əsas heyət üzvü olması onun Azərbaycana qayıtmaq ehtimalını azaldır. Ancaq futbolçunun orada az fərqlənməsi və “Traktor”un uğursuz mövsüm keçirməsi ayrılığı şərtləndirə bilər.
Qeyd edək ki, Peyman Babayinin “Traktor”la müqavilə müddəti bu ilin yayına qədərdir.