“Kəpəz”in kapitanı: “Sabah”la matçda uğurun davamını gətirmək istəyirik”
10.12.2021 - 13:51
“Kəpəz”in kapitanı: “Sabah”la matçda uğurun davamını gətirmək istəyirik”

“Sabah”la görüşə ciddi hazırlaşırıq. Bunu deməyə ehtiyac yoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu “Kəpəz”in kapitanı Əli Səmədov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Sabah”la keçiriləcək oyun barədə danışarkən deyib.

Sabahkı matça hazırlığını Bakıda keçən gəncəlilərdə Səmədov klubun mətbuat xidmətinə açıqlamasında fikirlərini bölüşüb: “Kubok oyunudur, rəqibimiz də Premyer Liqa təmsilçisidir. “Sabah”ın güclü heyəti var. Deyərdim ki, buna görə “Qarabağ” və “Neftçi”dən, bəlkə də, geri qalmırlar. Komanda olaraq hamı oyuna məsuliyyətlə yanaşır. Hazırlığımız yaxşıdır”.

Tərəflər ötən mövsüm də bu mərhələdə üz-üzə gəlib və “Kəpəz” 2:1 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb. Həmin qarşılaşmada qələbə qolunun müəllifi olan 24 yaşlı yarımmüdafiəçi eyni uğuru təkrarlamaq istədiklərini söyləyib: “Bu mövsüm də mərhələ adlayan tərəf olmaq istəyirik. Niyə də olmasın?! Əlimizdən nə gəlirsə, edəcəyik. Keçən il imza atdığımız nəticənin davamını gətirmək arzusundayıq. Bu dəfə daha irəli getmək istəyirik. Açığı, əsas məqsədimiz də budur. Yaxşı oyun nümayiş etdirib, qələbə qazanmaq niyyətindəyik. Bu il daha güclü və təcrübəli heyətimiz var”.

Qeyd edək ki, sabah “Bank Respublika Arena”da keçiriləcək “Sabah” – “Kəpəz” oyunu saat 18:00-da başlayacaq.