“Legiya”dan Emreliyə cavab: Təslim olmayacağıq
04.01.2022 - 16:47
“Legiya”dan Emreliyə cavab: Təslim olmayacağıq

“Legiya” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emrelidən məktub aldığını təsdiqləyib.

Apasport.az saytının Polşa mətbuatına istinadən məlumatına görə, 25 yaşlı forvardın müqaviləyə xitam verilməsi istəyini varşavalılar müsbət cavablandırmayıb.

Bildirilib ki, “Legiya” rəhbərliyi Emreli və onun vəkillərinə təslim olmaq niyyətində deyil. Bu səbəbdən son çempion futbolçunu Varşavaya çağıracaq və komanda ilə birlikdə Dubaydakı təlim-məşq toplanışına yollanmasını tələb edəcək. “Legiya” Dubaya yanvarın 6-da gedəcək.

Məsələyə münasibət bildirən “Legiya”nın idman direktoru Yatsek Zelinski də Emrelini Varşavada gözlədiklərini söyləyib: “Mahir Emrelinin “Legiya” ilə etibarlı müqaviləsi var. O, komandanın digər üzvləri ilə sabah düşərgəyə qoşulmalıdır”.

Qeyd edək ki, Mahir Emreli ABŞ-dan anlaşdığı vəkillər vasitəsilə kluba məktub göndərərək, müqaviləyə xitam verilməsini istəyib. Futbolçu komandanın hazırlığına qatılmayacağını qarşı tərəfə çatdırıb.