“Legiya”nın baş məşqçisi Mahirdən danışdı: “Ona dözməliyik” 
20.12.2021 - 10:32
“Legiya”nın baş məşqçisi Mahirdən danışdı: “Ona dözməliyik” 

“Mahir Emreli ilə danışdım, çox yaxşıdır”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Aleksandar Vukoviç deyib.

Serbiyalı mütəxəssis Plotsk “Visla”sı ilə oyundan sonra azarkeşlərin hücumuna məruz qalan və başından xəsarət alan Azərbaycan millisinin hücumçusu Mahir Emreli ilə görüşdüyünü açıqlayıb. Baş məşqçi Emrelinin komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Ümid edirəm ki, Mahir yeni ildə də bizimlə olacaq. O, yüksək keyfiyyətə malik futbolçudur. İndi müəyyən təzyiqlər var ki, ona dözməliyik. Mahir kimi insanlara çox ehtiyacımız olacaq. İnanıram, əminəm ki, o, qış təlim-məşq toplanışının ilk günündən düşərgədə olacaq. Mənə müqaviləni ləğv etmək istədiyini demədi”.

Qeyd edək ki, istirahət üçün Bakıya qayıdan Mahir Emrelinin “Legiya”dan ayrılmaq istədiyi, vəkillərin müqaviləyə xitam verilməsinin mümkünlüyünü araşdırdığı vurğulanıb.