Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin “Liverpul”la “Vilyarreal” arasında keçirilən ilk oyunda maraqlı məqamlar diqqəti çəkib.
Apasport.az saytının məlumatına görə, IFFHS İngiltərə klubunun 2:0 hesabı ilə qalib gəldiyi görüşlə bağlı statistik göstəriciləri açıqlayıb.
- “Liverpul”un hücumçusu Məhəmməd Salah “Vilyarreal”la matçda yenidən Sadio Maneyə məhsuldar ötürmə verib. Cütlük turnirdə ortaq şəkildə 7 qol vurub ki, bu, İngiltərə komandaları üçün rekord göstəricidir. Onlar Ueyn Runi - Rayan Giqqz (“Mançester Yunayted”) və Məhəmməd Salah - Roberto Firmino (“Liverpul”) cütlüyünün rekordunu təkrarlayıb.
- Yurgen Klopp ÇL-in yarımfinallarında keçirdiyi 4 ev matçının hamısında qalib gəlib. Bu, yarımfinallarda 100 faizlik qalibiyyət nisbəti ilə məşqçilər arasında ən yaxşı nəticədir. Marçello Lippi və Ottmar Hitsfeld də komandalarına bu mərhələdə 4 ev qələbəsi qazandırıb.
- “Liverpul” 12-ci dəfə Çempionlar Liqasının (əvvəlki adı Çempionlar Kuboku) yarımfinalında iştirak edir. Onlar bu mərhələdə ən çox yarışan İngiltərə klubu rekordunu təkrarlayıb. “Qırmızılar” bu göstəricidə “Mançester Yunayted”ə çatıb.
- “Vilyarreal” son 20 ildə turnirin yarımfinal mərhələsinin bir oyununda qapıya ən az zərbə vurma antirekordunu təkrarlayıb. İspaniya təmsilçisi matçda cəmi 1 zərbə vurub ki, o da çərçivəyə düşməyib. Sonuncu dəfə 2009/10 mövsümündə “Barselona” ilə görüşdə “İnter” eyni statistik göstəriciyə imza atıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı mayın 3-də olacaq.