Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində baş tutan iki görüşlə bağlı statistik məqamlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, İFFHS bu qarşılaşmaların ən maraqlı məqamlarını dərc edib.
“Real” Çempionlar Liqası tarixində 2-ci dəfə matça əlavə edilmiş dəqiqələrdə qol buraxaraq uduzub. İlk belə hadisə 2008-ci martın 8-də “Roma” ilə matça təsadüf edib – 1:2
“Real” son 20 ildə ikinci dəfə oyun ərzində çərçivəyə zərbə vurmayıb. 2019-cu il sentyabrın 18-dəki belə matç da PSJ-yə qarşı olub – 0:3.
Lionel Messi 8 oyundur “Real”a qol vura bilmir. Bunlardan 7-si “Barselona”, 1-i PSJ-nin heyətində olub.
Messi Çempionlar Liqasında 23-cü dəfə penalti vurub. O, Kriştiano Ronaldonun rekordunu arxada qoyub. Portuqaliyalı 22 belə imkan qazanıb.
Messi ilk dəfə “Real”a vurduğu penaltini qola çevirməyib. O, “Barselona”da 6 belə şansın hamısından yararlanıb.
Tibo Kurtua son 14 ildə “Real”ın Çempionlar Liqasında penalti qaytaran ilk qapıçısıdır. Sonuncu dəfə 2007-ci il dekabrın 11-də İker Kasilyas “Latsio” ilə matçda bunu bacarıb.
“Mançester Siti” Çempionlar Liqasında 200 və daha çox qol vuran 14-cü komanda olub. Mançesterlilər buna cəmi 97 oyunda nail olmaqla mütləq rekord vurub.
“Sportinq”lə matçın birinci hissəsində 4 cavabsız qol vuran “Mançester Siti” Çempionlar Liqasının pley-off mərhələlərində fasiləyədək ən böyük üstünlük qazanan qonaq komanda olub.
Kevin de Breyne son 5 mövsümdə 17-ci assistə imza atıb. Bu müddətdə yalnız Kilian Mbappe daha çox – 20 qola ötürmə verib.
Çempionlar Liqasının pley-offunda 3-cü matçına çıxan “Sportinq” bu dəfə də 5 və ya daha çox fərqlə uduzub. 2009-cu ildə portuqaliyalılar “Bavariya”ya 0:5 və 1:7 hesabı ilə məğlub olub.
Qeyd edək ki, PSJ “Real”ı evdə 1:0, “Mançester Siti” səfərdə “Sportinq”i 5:0 hesabı ilə üstələyib.