Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ı qəbul edəcək “Marsel”in oyununa Fransada maraq azdır.
Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, sabah baş tutacaq qarşılaşmada “Velodrom” stadionunun heç yarısı dolmayacaq.
Dünənə qədər təxminən 15 min biletin satıldığı bildirilib. Matça marağın az olmasının səbəbləri məktəblərdə tətillərin olması, oyunun televiziyada şifrəsiz yayımlanması, tanınmayan rəqibə qarşı bilet qiymətinin yüksək hesab edilməsidir.
Bu üzdən 67 min azarkeş tutumuna malik arenaya sabah təxminən 20 min tamaşaçının toplaşması gözlənilir. Klub rəhbərliyi həftəsonu Liqa1-in XXV turunda “Klermon”la ev matçına 52 min azarkeşin gəlməsini hədəfləyib.
Qeyd edək ki, “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.