“Neftçi” “Qarabağ”ı keçdi – yeni rekord
09.05.2022 - 11:05
“Neftçi” “Qarabağ”ı keçdi – yeni rekord

Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün gümüş medalını təmin edən “Neftçi” rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” vitse-çempionluq sayında ən yüksək göstəriciyə sahib çıxıb.

Bakılılar 5-ci dəfə ikinci olub. Paytaxt təmsilçisinin bütün gümüşləri XXI əsrə təsadüf edib.

2000/01 mövsümündə “Qızıl oyun”da “Şəmkir”ə uduzan “Neftçi” 2006/07 mövsümündə “Xəzər Lənkəran”dan geri qalıb. Paytaxt təmsilçisi 2018/19, 2019/20 və 2021/22 mövsümlərində isə çempionluq mübarizəsində “Qarabağ”a məğlub olub.

“Ağ-qaralar” bunadək eyni sayda – 4 gümüşü olan “Qarabağ”ı keçib. “Şamaxı” ilə “Xəzər Lənkəran”ın hərəsi üç dəfə vitse-çempion olub.

Qeyd edək ki, ümumilikdə 14 komanda gümüş medala yiyələnib.