Mövsümü 2-ci yerdə başa vuracağı dəqiq olan “Neftçi” yay fasiləsində heyətində bir sıra dəyişikliklərə əl atacaq.
Apasport.az saytının məlumatına görə, vitse-çempion “təmizləmə” işlərinə qapı xəttindən başlayacaq.
“Ağ-qaralar” hazırda sərəncamında olan 3 qapıçıdan ikisi ilə yolları ayırmağı planlaşdırır. Bunlar Aqil Məmmədov və Kamran İbrahimovdur. 33 yaşlı Məmmədovun başa çatan müqaviləsi yenilənməyəcək. Gənc İbrahimovla bağlı vəziyyət isə fərqlidir. Bakılılar 23 yaşlı qolkiperlə mövsümün sonuna qədər olan sözləşməsini uzadıb, onu icarəyə vermək niyyətindədir.
Hər iki qapıçının yeni komandası da bəlli olmaq üzrədir. Aqil Məmmədov doğma şəhəri Naxçıvana qayıtmağa yaxındır. Növbəti mövsümdən I divizionda mübarizə aparacaq “Araz Naxçıvan” çərçivəni ona tapşırmaq arzusundadır. Hazırda qapıçı ilə danışıqlar aparılır.
Kamran İbrahimovun isə Premyer Liqaya qayıdacaq “Kəpəz”ə icarəyə verilməsi gündəmdədir.
Növbəti mövsüm “Neftçi”də çərçivə uğrunda İvan Brkiç və hazırda “Sumqayıt”da çıxış edən Aydın Bayramov arasında mübarizə getməsi gözlənilir. Üçüncü qapıçı kimi isə akademiyanın gənc üzvlərindən biri əsas komandaya cəlb olunacaq.