“Neftçi”dən Samir Abasovun fikrinə münasibət: “Ona görə cavab verməlidir”
10.05.2022 - 16:10
“Neftçi”dən Samir Abasovun fikrinə münasibət: “Ona görə cavab verməlidir”

“Neftçi”nin ikinci yeri tutması pis nəticə deyil. Nəzərə alaq ki, “Qarabağ” stabil komandadır”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib.

Veteran futbolçu “ağ-qaralar”ın Premyer Liqada ikinci yeri tutmasını uğursuzluq hesab etmir: “Mövsüm bizim üçün artıq başa çatıb, komandamız ikinci yeri tutub. İkinciliklə barışsaq da, barışmasaq da, artıq olan olub, bunu geri qaytarmaq qeyri-mümkündür. Əlbəttə ki, “Neftçi” SSRİ dövründən bəri həmişə zirvə uğrunda mübarizə aparıb. Bu komanda ürəklərdədir”.

Qurbanov baş məşqçi Samir Abasovun XXVI turda “Qəbələ” ilə (0:1) matçdan sonra “Qarabağ”la rəqabət aparmağın mümkünsüz olması fikrinə də münasibət bildirib: “Baş məşqçinin mətbuat konfransındakı fikirləri ilə tanış deyiləm. “CBC Sport”a açıqlamasına qulaq asdım. Kim nə deyirsə, özü də ona görə cavab verməlidir. Düzdür, futbolçu gətirdiyin zaman onun transfer qiymətinin fərqi var. Ancaq istənilən halda bu komandanı oynatmaq lazımdır. Rəhbərlik nə etsin, çıxıb futbol oynamalı deyil ki. Rəhbərlik futbolçuya meydançada nə etməli olduğunu deyə bilməz”.

Səməd Qurbanov növbəti mövsüm Konfrans Liqasında uğurlu çıxış üçün heyətin gücləndirilməsinin vacibliyini də vurğulayıb: “Ölkə kubokunu qazanmaq istəyirdik, o da olmadı. İndi ümidimiz avrokuboklaradır. Orada sübut eləməliyik ki, “Neftçi” “Neftçi”dir. Heyətdə yeni oyunçular var, onları oynatmaq, düz yola çəkmək lazımdır. Konfrans Liqasında uğurlu çıxış üçün isə heyət bir balaca güclənməlidir. Uşaqlara tək-tək baxanda heç də pis deyillər. Çoxu cavanlardır, oynamağa başlayıblar. Yarımmüdafiə xətti mütləq güclənməlidir. Orta sahədə Emin Mahmudov kimi meydanda işləyən, futbolu anlayan, komandanı arxası ilə aparan 2-3 oyunçuya ehtiyac var. Digərləri onlara baxıb oynayacaqlar”.

Qeyd edək ki, Premyer Liqada sona 2 tur qalmış aktivində 50 xal olan “Neftçi” mövsümü ikinci pillədə tamamlayacaq.