Uğursuz mövsüm keçirən “Neftçi”də yayda ciddi islahatlar aparılacaq.
Apasport.az saytının əldə etdiyi məlumata görə, baş məşqçi postunda dəyişiklik etməyi planlaşdıran klub rəhbərliyi futbolçu heyətini də gücləndirəcək.
Gələn mövsümə çempionluq iddiası ilə başlamaq istəyən klub ilk növbədə daha səviyyəli yerli oyunçuların keçidinə çalışır. Son çempionun transfer gündəmindəki ilk iki oyunçu da artıq məlumdur. Bunlar “Aue”nin yarımmüdafiəçisi Dmitri Nazarov və “Vulverhempton”un hücumçusu Renat Dadaşovdur. “Neftçi” rəhbərliyi milliləşdirilmiş oyunçularla artıq danışıqlara başlayıb.
Həm Nazarov, həm də Dadaşov Azərbaycana köçməyin əleyhinə deyil. Düzdür, hər ikisinin klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir. Ancaq onların yayda “Neftçi”yə azad agent kimi keçmək ehtimalı daha yüksəkdir.
Məsələ burasındadır ki, Nazarovun formasını geyindiyi “Aue” Almaniyanın II Bundesliqasında təhlükəli zonada qərarlaşıb. Saksoniya vilayətinin komandası mövsümün sonunda III liqaya yuvarlansa, 32 yaşlı orta sahə oyunçusu müqaviləsinə xitam verə bilər.
Dadaşov isə hazırda icarə əsasında formasını geyindiyi “Tondela”dan yayda ayrılacaq. Ancaq “Vulverhempton” onu qaytarmaqda maraqlı deyil. Premyer Liqa təmsilçisi ümidləri doğrultmayan 23 yaşlı hücumçunu mövsümün sonunda ucuz qiymətə sataraq və ya yenidən icarəyə verərək, ondan qurtulmaq fikrindədir. Təklif olmasa və Renat azad agent statusu almaq üçün müraciət etsə, “Vulverhempton” rəhbərliyi buna da qarşı çıxmayacaq. Klublar arasında danışıqlara artıq start da verilib.
“Neftçi”nin işini çətinləşdirəcək yeganə amil bu oyunçuların yüksək məvacibidir ki, klub bunun üçün də büdcə formalaşdırmağa çalışır.