“Neftçi”nin sabiq futbolçusu Nikolas Kanales maraqlı etirafla diqqətləri üzərinə çəkib.
Apasport.az saytının məlumatına görə, ölkəsi Çilidə bir televiziya verilişinin qonağı olan 36 yaşlı keçmiş hücumçu siqaret və dopinqlə bağlı gözlənilməz fikir səsləndirib.
O, hələ futbolçu vaxtından siqaret çəkdiyini və dopinqdən istifadə etdiyini boynuna alıb. Kanales bir izləyicinin sualına cavabında bunu deyib: “Dostum, futbol oynayanda da siqaret çəkirdim və mənə dopinq vermişdilər”.
O, “peşəkar karyeramın ilk 15 ilində 120 qol vurmuşam, bunun sizə kifayət edib-etmədiyini bilmirəm”, - deyərək futbolçu karyerasının uğurlu alındığını söyləyib.
Qeyd edək ki, 2012/13, 2014/15 və 2016-cı ildə “Neftçi”nin formasını geyinmiş Nikolas Kanales ilk mövsümündə keçirdiyi 31 oyunda 26 qol vuraraq Azərbaycan çempionatının bombardiri olub.