“Qarabağ” dünyanın “100-lüy”ündə
10.05.2022 - 09:53
“Qarabağ” dünyanın “100-lüy”ündə

Klubların dünya sıralaması müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, IFFHS-in açıqladığı reytinqdə Azərbaycanın iki klubu yer alır.

302 klubun yer aldığı cədvəldə ölkəmizi “Qarabağ” və “Neftçi” təmsil edir. Hər iki komanda irəliləyişə nail olub. Aktivində 136 xal olan Ağdam təmsilçisi dünyanın ilk “100-lüy”ünə düşüb. Qurban Qurbanovun kollektivi 106-cı yerdən 99-cu pilləyə yüksəlib. “Qarabağ” “Mamelodi Sundouns” (Cənubi Afrika) və “Bayer”lə (Almaniya) bu yeri bölüşür.

“Neftçi” isə 16 pilləlik sıçrayış edərək, 221-ciliyə yüksəlib. “Ağ-qaralar”ın aktivində 87 xal var. Bakılılar “Kolon Santa Fe”, “Nyuells Old Boys” (hər ikisi Argentina) və “Dandolk”la (İrlandiya) eyni reytinqə malikdir.

Reytinqə “Çelsi” başçılıq edir. İngiltərə təmsilçisinin aktivində 305 xal var. Braziliya klubları “Atletiko Mineyro” (304) ilə “Palmeyras” (296 xal) mövqelərini dəyişərək, müvafiq olaraq 2-3-cü yerlərdə qərarlaşıblar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su reytinqdə 2 addım geriləyib. Xorvatiya klubu 233 xalla 8-cidir.