“Qarabağ”a nə lazımdır? – ya rekord, ya məğlubiyyətsizlik
08.11.2020 - 12:00
“Qarabağ”a nə lazımdır? – ya rekord, ya məğlubiyyətsizlik

Avropa Liqasında qrup mərhələsinin I dövrəsi başa çatıb.
 
Apasport.az saytının məlumatına görə, mərhələ yarılandığı üçün iştirakçı 48 komandanın hər biri hələ də həm 1-ci, həm də sonuncu yer şansını qoruyur.
 
Lakin bu, yalnız kağız üzərində, nəzəri olaraq mümkündür. Reallıqda isə şanslar müxtəlifdir. Təbii ki, bu, Azərbaycan çempionu “Qarabağ”a da aiddir.
 
Mübarizəni davam etdirən yeganə təmsilçimiz İ qrupunun autsayderidir. Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əviv “Makkabi”sinə 0:1, Türkiyədəki ev oyununda İspaniya “Vilyarreal”ına 1:3, yerli “Sivasspor”a 0:2 hesabı ilə uduzub.
 
Aktivində xal olmayan Ağdam klubu nəzərə cəhətdən turnir cədvəlinin istənilən pilləsini tuta bilər. Lakin bir şey dəqiqdir ki, artıq komandanın taleyi öz əllərində deyil.
 
“Qarabağ” 3 qarşılaşmada qalib gəlsə də, bu, 1/16 final üçün yetərli olmaya bilər. Ona görə də komandaya digər matçların nəticələri vacib olacaq.
 
Çünki çempionumuz 9 xal toplasa, digər üç görüşün nəticələrinə bel bağlamalıdır. “Vilyarreal”ın Sivas təmsilçisindən xal alması, “Makkabi”nin iki görüşü udması “Qarabağ”ı 9 xalla qrupda da saxlaya bilər.
 
Bu, heç də antirekord olmayacaq. Tarixdə 10 xalla qrupa qalan komandalar olub.
 
“Birminhem”, PSJ və “Tottenhem”  2011/12, “Yanq Boyz” 2012/13, “Lokeren”lə “Sparta” 2014/15, “Milan”la “Standard” 2018/19 mövsümündə 10 xalla qrupda qalmağa üzülüb.
 
Amma digər qarşılaşmaların nəticələri elə gətirə bilər ki, 7 xal, hətta 2 qələbə də “Qarabağ”a yetərli ola bilər. Əgər sonuncu variant reallaşsa, Qurbanovun komandası mütləq rekord vuracaq.
 
İndiyədək heç bir klub Avropa Liqasında 6 xalla qrupdan çıxmayıb. Amma ağdamlılar bunu bacara bilər. Bunun üçün “Vilyarreal” hər üç qalan görüşdə qalib gələrək 18 xal toplamalı, “Qarabağ” “Sivasspor”la “Makkabi”ni yenməli, sonuncuların duelində türkiyəlilər sevinməlidir. Üstəlik, üç komandanın görüşlərindəki top fərqi təmsilçimizin lehinə olmalıdır. Bu, kağız üzərində real görünsə də, reallaşmaq ehtimalı çox aşağıdır.
 
7 xalla mərhələ adlamaq şansı nisbətən çox olsa da, yenə də rəqiblərin matçlarının nəticəsindən asılıdır. Əgər bu gerçəkləşsə, rekord təkrarlanacaq.
 
İndiyədək ən az xalla mərhələ keçənlər buna 6 dəfə nail olub. “Anderlext”lə “Napoli” 2010/11, “Maribor” 2013/14, “Dnepr” 2014/15, “Midtülland” 2015/16, “Krasnodar” 2016/17 mövsümündə 7 xalla 1/16 finala çıxıb.

0
Qarabağ Avropa Liqası 1/16 final