“Qarabağ”da 100-ə çatan 49-cu futbolçu
06.12.2021 - 13:15
“Qarabağ”da 100-ə çatan 49-cu futbolçu

Abbas Hüseynov “Qarabağ”da 100-cü oyununu keçirib.

Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, müdafiəçinin yubileyi Premyer Liqanın XIII turuna təsadüf edib.

“Sabah”la matç (5:1) onun üçün əlamətdar olub. Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub. O, Premyer Liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Abbasın debütü 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər oyununa (3:1) təsadüf edib.

Qeyd edək ki, “Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas bu siyahıda 49-cudur.