“Son aylarda vəziyyətim heç də yaxşı deyildi. Son klubumda – Azərbaycan təmsilçisi “Qarabağ”da ilk ilimdə hər şey normal idi və daim oynayırdım”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan çempionu “Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev deyib.
Vətəni Bolqarıstanda “Levski”nin şərəfini qoruyan yarımmüdafiəçi Azərbaycan karyerasının alınmamasından danışıb: “Sonradan hər şey dəyişdi. Futbolla bağlı səbəblərdən baş məşqçi mənə etimad göstərməməyə başladı. 100 faiz qüvvəmlə məşq edirdim, fərdi hazırlaşırdım. Mən də bir az oyun praktikamı itirdim. İndi “Levski” ilə hazırlıq keçib, komanda yoldaşlarıma çatacağam”.
S.Slavçev oynadığı klubların hamısında, o cümlədən “Qarabağ”da üzləşdiyi problemi də açıqlayıb: “Çox şeylərdən danışmaq olar. Mən Portuqaliya, Polşa, Kipr, İngiltərə və Azərbaycanda oldum. Bu ölkələrdə fərqli şeylər görsəm də, bir məqam hamısı üçün xarakterikdir. Onlar ilk növbədə özlərininkiləri qiymətləndirir, sonra legionerləri. Olduğum hər bir komandada yerli futbolçu var idisə, ona həmişə şans verilirdi. Legioner isə arxa planda idi. Bu, azarkeşlərə də aiddir. Onlar öz futbolçularını tez sevirlər. Əcnəbilər üçün isə xeyli çətindir, vaxt lazım olur”.