“Qarabağ”dan 100 qol: Azərbaycan futbolunda 2-ci dəfə
08.02.2022 - 09:54
“Qarabağ”dan 100 qol: Azərbaycan futbolunda 2-ci dəfə

“Qarabağ” “Neftçi” ilə çempionat oyunlarında vurulan qol sayını 100-ə çatdırıb.

Apasport.az saytının məlumatına görə, yubiley XV tur çərçivəsində baş tutan Azərbaycan derbisinə təsadüf edib.

2:1 hesablı qələbə qazanan Ağdam klubunun ikinci qolu “Neftçi”nin qapısından keçirilən 100-cü top olub. Bu əlamətdar qolun müəllifi kimi Kadi Borqes tarixə düşüb.

“Qarabağ” 100-ə 86-cı derbidə çatıb. “Neftçi” orta hesabla rəqibindən hər matçda 1,16 top buraxıb.

Azərbaycan futbol tarixində bir komandanın digərinə 100 və daha çox qol vurmasına ikinci dəfə təsadüf olunur. Bunu bacaran ilk komanda “Neftçi”dir.

“Ağ-qaralar” “Keşlə”yə qənim kəsilib. Flaqman paytaxt derbisində rəqibinin qapısından 108 top keçirib. Bu, 68 oyun ərzində mümkün olub. “Ağ-qaralar”ın məhsuldarlığı 1,59-a bərabərdir.

Qeyd edək ki, “Neftçi” 100 qol buraxdığı “Qarabağ”a 78 topla cavab verib.