“Qarabağ”dan mütləq rekord - “Qəbələ”də həsrət
10.02.2022 - 11:06
“Qarabağ”dan mütləq rekord - “Qəbələ”də həsrət

Premyer Liqanın arxada qalan 15 turunda 17 dubl qeydə alınıb.

Apasport.az saytının məlumatına görə, bu göstəricidə mütləq rekord “Qarabağ”a məxsusdur.

Çempionatdakı dublların yarıdan çoxuna Ağdam təmsilçisi imza atıb. Qurban Qurbanovun yetirmələri 9 dəfə bir matçda iki qol vurmağa müvəffəq olub.

“Sabah”da 3, “Neftçi” və “Zirə”nin hərəsində 2, “Sumqayıt”da 1 belə hadisə yaşanıb. “Qəbələ”, “Keşlə” və “Səbail”in üzvləri dubla həsrətdir.

Cari mövsümdə 10 oyunçu belə uğura sahib olub. “Neftçi” ilə qarşılaşmada vurduğu qollarla komandasına 2:1 hesablı qələbə qazandlran Kadi Borqes 10-cu olub.

Dubl edən 10 oyunçudan 5-i “Qarabağ”ın üzvüdür. “Sabah”da iki, “Neftçi”, “Zirə” və “Sumqayıt”da dubl etmək gücündə olan bir bombardir var.

Qapısına iki qol vurmaq üçün ən münasib komanda “Neftçi”dir. Bakılıların rəqibləri 4 dəfə buna nail olub. “Sumqayıt”, “Səbail”, “Keşlə” üç, “Zirə”ylə “Sabah” iki dəfə belə hadisəyə məyus olub. Premyer Liqanın liderləri “Qarabağ”la “Qəbələ”nin qapısına bir matçda iki top vuran tapılmayıb. 

Dubllarla bağlı bir tendensiya diqqət çəkir. “Qarabağ” “Neftçi”yə qarşı keçirdiyi hər oyunda bir futbolçusunun dubluna sevinir. I dövrədə İbrahima Vadji, III dövrədə Kadi Borqes 2:1 hesablı qələbədə pay sahibi olub. II dövrədəki 4:0 hesablı qalibiyyətə Filip Ozobiç iki topla töhfə verib.

Dubl sayında rekordçu da “Qarabağ”dandır. Musa Qurbanlı üç dəfə fərqlənib. Onun komanda yoldaşları Filip Ozobiçlə İbrahima Vadji 2 dubla imza atıb. Tiaqo Bezerra (“Neftçi”), Coy-Lens Mikels (“Sabah”) və Davit Volkov (“Zirə”) iki qarşılaşmada belə uğura sevinib. 

Digər 4 oyunçunun bir dublu var. Bunlar Abdullah Zubir, Kadi Borqes (hər ikisi “Qarabağ”), Fofana Tiemako (“Sabah”) və Rəhim Sadıxovdur (“Sumqayıt”).