“Qarabağ”ın 25-ci səfəri: 2/3-də məğlubiyyət
17.02.2022 - 11:49
“Qarabağ”ın 25-ci səfəri: 2/3-də məğlubiyyət

“Qarabağ” avrokubokların əsas mərhələlərində 25-ci səfər matçına çıxacaq.

Apasport.az saytının məlumatına görə, bu yubiley Konfrans Liqasının pley-off mərhələsinin “Marsel”lə ilk matçına təsadüf edəcək.

Qurban Qurbanovun yetirmələri indiyədək 8 dəfə qatıldığı qrup mərhələlərində 24 dəfə rəqib meydanında oynayıb. Təəssüf ki, təmsilçimiz bu görüşlərin 2/3-də uduzub.

Cəmi 6 qələbəsi olan ağdamlılar səfər qarşılaşmalarının 25 faizində qalib gəlib. Digər iki oyun heç-heçə bitib. Aktivində 19 qol olan təmsilçimiz Marseldə yubiley – 20-ci topu vurmağa çalışacaq. Ağdamlılar nə az, nə çox – 44 qol buraxıb.

Əgər təkcə əsas deyil, təsnifat mərhələlərini də saysaq, “Qarabağ” səfərdə 69 matç keçirib. Yubiley – 70-ci görüş “Velodrom”da baş tutacaq.

Rəqib meydanlardakı qələbələrin sayı ümumi oyunların 1/3-nə bərabərdir – 23 dəfə. 16 sülhü olan “Qarabağ” 30 dəfə səfərdən başıaşağı dönüb. Rəqib meydanlarda orta məhsuldarlığı 1-dən aşağı olan təmsilçimiz 65 qol vurub və 103-nü buraxıb.