“Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev oyunun sonlarında hörmətsiz şəkildə topu qəbul elədi. Amma matçın ardından yaxınlaşıb üzr istədi”.
Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Qarabağ”la keçirilən oyunun sonlarında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
Çalışdırıcı 0:6 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonrakı mətbuat konfransında hadisəyə münasibət bildirib. O, rəqibin yarımmüdafiəçisi Qara Qarayevlə müzakirəsinin səbəbinin də Cəfərquliyevin hərəkəti olduğunu bildirib: “Elvin oyundan sonra dedi ki, istəmədən bu hərəkəti elədi. Biz də onu başa düşdük. Yəqin ki, ani bir şey olub. Qara Qarayevlə söhbətimdə dedim ki, Elvin gənc futbolçudur, gərək belə hərəkət eləməsin. Amma yenə də Cəfərquliyev hamıdan üzr istədi”.
Qeyd edək ki, bu komandaların ilk oyununda “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Kubokun son sahibi “Keşlə” mübarizəni dayandırıbsa, “Qarabağ” yarımfinala adlayıb.