“Qarabağ”ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən “İlin Qalibləri-2021” layihəsindən sonra brifinq keçirib.
Apasport.az saytının məlumatına görə, klub rəhbəri tədbirin ardından jurnalistlərin suallarını cavablandırıb.
Gözəl bu gün baş tutan prezidentlə görüş barədə danışıb: “Ölkə başçımız, böyük rəhbərimiz Cənab İlham Əliyevin dəvəti ilə biz Avropada idik. Möhtəşəm görüş oldu. Sağ olsun, klubumuza olan inamını, dəstəyini yenilədi və bizə çox gözəl söz dedi. Azərbaycanın flaqmanı, Azərbaycanı tanıdan, başını ucaldan klub sizsiniz dedi. Əlbəttə, bu da bizə çox şərəf idi. Eyni zamanda “İnter”lə oyunda olduğu kimi təkrar olunan böyük ədalətsizliyə işarə etdi. Bundan çox təəssüf hissi yaşadığını və bu ədalətsizliklə barışmayacağını, barışa bilmədiyini dilə gətirdi. Dedi ki, mən siz klub rəhbərlərini başa düşürəm. İşinizi davam etdirməlisiniz. Öz ağıl başımızla. Amma bunu qəbul eləmək mümkün deyil. Dedi ki, hər zamankı kimi sizi dəstəkləyirəm, sizin arxanızda durmuşam. Azərbaycan xalqı “Qarabağ”ın uğurunu bilir və siz yolunuza davam edin”.
Klub prezidenti ölkə başçısının “İmarət “ stadionu barədə tapşırıq verdiyini də qeyd edib: “Görüşdən sonra da “İmarət” stadionu ilə bağlı danışdıq. Dövlət qurumlarına, idman nazirimizə tapşırdı ki, stadionla bağlı işlər davam etdirilsin. “Qarabağ”dan da məsləhət istədi. Dedi ki, siz də kömək edin, qoşulun. Hələ tələsmirik, uzun müddətdə oraları bərpa edəcəyik. Ağdamı bərpa edəcəyik və “Qarabağ”ın da oyunlarını orda keçirməsini arzu edib dilə gətirdi. Biz də hamımız sevinclə, məmnuniyyətlə buna qoşulacağımızı dedik. Çox gözəl, çox müsbət, mənəvi görüş oldu. Bizi olduqca ruhlandırdı.
O, Konfrans Liqasının pley-off mərhələsinin bugünkü püşkatması barədə fikirlərini açıqlayıb: “İndiki ən böyük arzum püşkdə “Fənərbaxça” ilə düşməyimizdir. Mənim uşaqlıqdan ən böyük xəyalım odur. Mən Ankarada yaşayırdım. “Ankaragücü”nün onlarla bir söhbəti oldu. Bir futbolçumuzu onlara məsləhətləşdik, bir xəyalım gerçəkləşdi. Ən böyük xəyalım odur ki, “Fənərbaxça” ilə düşək. Çünki öz xəyalımda deyirəm ki, iki qardaş ölkə prezidenti yan-yana bəlkə də həm Türkiyə, həm burdakı matça birlikdə tamaşa etsinlər. Biz də bu oyundan zövq alaq. Bugünkü gündə xəyalım budur. Əlbəttə, klubuma xoş arzularım var. Ləyaqətli oyuna davam etsinlər. İnşallah çalışaq ki, yeni rekordlara imza ataq və yolumuza davam edək”.