“Qarabağ”ın rəqibindən 5 qollu qələbə
05.02.2022 - 10:01
“Qarabağ”ın rəqibindən 5 qollu qələbə

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” Fransa Liqa1-də növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, komanda XXIII turda “Anje”ni qəbul edib.

Məhsuldar alınan qarşılaşmada 7 qol qeydə alınıb ki, bunlardan 5-nə “Marsel” oyunçuları imza atıb. Halbuki “Anje” erkən qollar sayəsində 2 top fərqilə üstünlüyə yiyələnib. Lakin ilk yarıda bərabərliyi bərpa edən Xorxe Sampaolinin yetirmələri matçın son 20 dəqiqəsində daha 3 dəfə fərqlənərək, 5:2 hesablı qələbə əldə edib.

“Qarabağ”ın rəqibinin heyətində Arkadiuş Milik (18, 70, 78) het-trik müəllifi olubsa, Gerson (21) və Cengiz Ünder (85) hərəyə bir dəfə adını tabloya yazdırıb. Bu nəticədən sonra xallarının sayını 43-ə çatdıran “Marsel” turnir cədvəlində 2-ci pilləyə yüksəlib.

Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında ilk oyun fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək.