“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel”də baş məşqçi Xorxe Sampaolinin aqressivliyi klub rəhbərliyini narahat edir.
Apasport.az saytının məlumatına görə, argentinalı mütəxəssis Fransa Liqa1-nin XXV turunda “Klermon”la (0:2) görüşdə də bu ənənəsini davam etdirib.
Bir epizodda hakimə sərt şəkildə narazılıq bildirən Sampaoli sarı vərəqə ilə cəzalandırılıb. O, ötən ilin martından çalışdırdığı “Marsel”in sükanı arxasında çempionat oyunlarında 9 dəfə sarı vərəqə alıb ki, bu, digər mütəxəssislərdən üç dəfə çoxdur. 62 yaşlı çalışdırıcının bu göstəricisi Liqa1 tarixinə antirekord kimi düşüb.
Qeyd edək ki, “Marsel” hazırda 46 xalla Fransa çempionatında 2-ci pillədə qərarlaşır. Liqa1 təmsilçisi fevralın 24-də Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ”ın qonağı olacaq. İlk görüşdə Azərbaycan klubu 1:3 hesabı ilə məğlub olub.