“Qarabağ”la heç-heçə “Zirə”ni avrokuboklara bir addım da yaxınlaşdırdı. Üçüncü yer uğrunda mübarizədə üstünlük bu komandadadır”.
Bunu apasport.az saytına açıqlamasında vaxtilə “Neftçi” və “Qarabağ” kimi klubları çalışdırmış Ağasəlim Mircavadov deyib.
75 yaşlı mütəxəssis Premyer Liqada sona iki tur qalmış turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Zirə”nin mövsümü elə hazırkı mövqeyində bitirəcəyini proqnozlaşdırıb: “Üçüncü yeri təmin etmək üçün “Zirə”yə bir qələbə kifayətdir. Bu, həm klub, həm də gənc baş məşqçiləri Rəşad Sadıqov üçün böyük uğurdur. Rəşad artıq bütün fikrini Konfrans Liqasına yönəldə bilər”.
Mircavadov “Qəbələ” ilə “Sabah” arasında 4-cü yer uğrunda gedən yarışa da toxunub. O, hər iki komandanın Konfrans Liqasına yollanmağa layiq olduğunu söyləyib: “Qəbələ” qışdan sonra çox qəribə qrafik cızdı. Ardıcıl çox xal itirdilər, sonda vacib oyunlarda qələbə qazandılar. Açıq danışaq, “Qəbələ” ilboyu çalışıb, avqustdan indiyə qədər istəkli mübarizə aparır. “Sabah” isə baş məşqçi dəyişikliyindən – qış fasiləsindən sonra yaxşı çıxış etməyə başladı, oyundan-oyuna da inkişafdadır. İmkanım olsaydı, hər ikisini Avropaya göndərərdim. Çünki hər iki komanda bunun üçün çox əziyyət çəkdi. Yəqin ki, 4-cü yerin sahibinin kimliyi son tura qalacaq”.
Qeyd edək ki, sona 2 tur qalmış “Zirə”nin 43, “Qəbələ”nin 41, “Sabah”ın isə 39 xalı var. Axırıncı turda “Qəbələ” ilə “Zirə” birincilərin meydanında üz-üzə gələcək.