“Qarabağ”ın çempionluğu çoxdan bəllidir. Bu komanda rəqiblərindən iki dəfə güclüdür. Bu mövsüm “Qarabağ”dan “qızıl dubl” gözləyirəm”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu İlqar Qurbanov komandaların Azərbaycan Premyer Liqasındakı şanslarını dəyərləndirərkən deyib.
Premyer Liqada həmçinin “Xəzər Lənkəran”, “Olimpik”, “Qəbələ” və “Sumqayıt”ın formasını geyinmiş Qurbanov son çempion “Neftçi”nin bu dəfə ikinci yeri tutacağına şübhə etmir: “Neftçi”nin gümüş medalçı olacağını indidən təxmin etmək olar. Amma “Zirə”, “Sabah” və “Qəbələ” hələ də ilk “dördlük” uğrunda mübarizəni davam etdirir. Düzdür, “Zirə” rəqiblərini qabaqlayır. Amma Azərbaycan çempionatında istənilən komanda anidən eniş yaşaya bilər. Necə ki, “Qəbələ”də bunu müşahidə edirik”.
Azərbaycan millisinin seleksiyaçısı vəzifəsini icra edən 36 yaşlı mütəxəssis ölkə çempionatında “Sabah” və “Qəbələ” arasında gedən dördüncülük mübarizəsinin favoritini də açıqlayıb: “Turnir cədvəlinə baxsaq, əsas mübarizənin “Sabah” və “Qəbələ” arasında olacağını görərik. Üstəlik, son turda bu iki komanda qarşılaşacaq. Məncə, onların taleyinə elə həmin qarşılaşmada aydınlıq gələcək. Bu komandaların hazırkı durumu onu göstərir ki, “Sabah” Konfrans Liqasına yollanacaq son komanda olacaq. Çünki paytaxt klubu oyundan-oyuna artırırsa, “Qəbələ”də eniş davam edir. “Qəbələ”nin məşqçiləri ilə bu barədə danışmışam. Zədəlilərin çoxluğundan şikayətlənirlər. Heyətləri də geniş deyil. Yenə də çempionatımız hər cür sürprizə açıqdır. İlk yarıdan sonra kim deyə bilərdi ki, “Qəbələ” 5-ci yerə düşəcək? “Qarabağ” istisna olmaqla digər komandaların səviyyəsi bərabər olduğundan, hər an hər şey yaşana bilər”.
Qeyd edək ki, Premyer Liqada sona 4 tur qalmış “Sabah” və “Qəbələ” hərəyə 35 xalla 4-5-ci yerləri bölüşdürür.