Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la qarşılaşacaq “Marsel”də oyunöncəsi gərginlik yaşanıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Xorxe Sampaoli ilə hücumçu Arkadiuş Milik media vasitəsilə bir-birinə söz atıb.
Liqa1-in XXIV turunda “Mets”lə səfər görüşünün 76-cı dəqiqəsində meydana daxil olan və 82-ci dəqiqədə qələbə qoluna imza atan (2:1) Milik start heyətinə düşməməsini qəbul etmək istəmir. “Anlamadığım şeylər var, amma mən işimi görürəm”, - deyən polşalı forvard baş məşqçini tənqid edib.
Ancaq Sampaolinin cavabı özünü çox gözlətməyib. Argentinalı mütəxəssis niyə ona ilk dəqiqələrdən şans vermədiyini izah edib: “Oyunda əsas planımız cinah keçidlərinə üstünlük vermək idi. Çünki rəqibin düzülüşü, oyun üslubu bunu tələb edirdi. Milikin başa düşmədiyi şeyi izah etmək onun səlahiyyətindədir. Başqalarının başa düşmədiyini izah edə bilmərəm”.
Fransa mətbuatı bu söz “davası”ndan sonra baş məşqçinin “Qarabağ”la görüşdə Miliklə bağlı hansı qərarı verəcəyinin maraqla gözlənildiyini vurğulayıb.
Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda keçiriləcək “Marsel” - “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.