“Tottenhem” avrokuboklar tarixinə düşüb.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının üçünün də qrupunda qalan ilk komanda olub.
Bu, UEFA-nın “Renn”lə görüşündə London klubuna texniki məğlubiyyət verməsindən sonra rəsmiləşib. Premyer Liqa təmsilçisi koronavirusa yoluxmalar üzündən oyuna çıxmadığı üçün aldığı məğlubiyyətlə qrupdan çıxmaq şansını itirib.
“Tottenhem” əvvəlki illərdə Çempionlar Liqası və Avropa Liqasında qrupda qalıb. Hər üç turnirin qrupunda oynayan yeganə Azərbaycan klubu “Qarabağ” isə ingiltərəlilərdən fərqli pley-offa yüksəlib.
Digər iki turnirdə qrupda qalan Qurban Qurbanovun yetirmələri Konfrans Liqasında ilk cəhddən növbəti mərhələyə yüksəlib. Əgər ağdamlılar bunu bacarmasaydı, “Tottenhem”dən də əvvəl hər üç turnirin qrupunda qalmaqla ilkə imza atacaqdı. Lakin 1-ci yer üçün son turadək mübarizə aparan “Qarabağ” qrupdan çıxmağı artıq 4 turdan sonra təmin edib.
Qeyd edək ki, “Qarabağ” pley-offda “Marsel”lə görüşəcək.