“Qəbələ” və “Zirə”dən ilk – “Neftçi” öndə, “Qarabağ” geridə
16.05.2022 - 09:56
“Qəbələ” və “Zirə”dən ilk – “Neftçi” öndə, “Qarabağ” geridə

Avrokuboklarda oynamaq hüququ qazanan “Qəbələ” və “Zirə” üçün 2022/23 mövsümü debütlə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, hər iki klub tarixində ilk dəfə Konfrans Liqasında çıxış edəcək.

Bu, yeni yaranan turnirin ikinci mövsümündə gerçəkləşəcək. Hər iki təmsilçimiz bu hüququ Premyer Liqanın XXVII turunda ilk “dördlük”də yerini təmin edərək qazanıb.

“Qəbələ” və “Zirə” avrokuboklarda debütant olmasa da, indiyədək yalnız Avropa Liqasında oynayıb. Bakı klubu buna yalnız 2017/18 mövsümündə nail olub. Sonrakı 4 mövsümdə qitə kuboklarından kənar qalan qəsəbə təmsilçisi 5 ildən sonra Avropaya, bu dəfə özü üçün yeni turnirə qatılacaq.

“Qəbələ” isə 7-ci dəfə avrokuboklarda mübarizə aparacaq. Debütü 2014/15 mövsümünə təsadüf edən “qırmızı-qaralar” 6 il ardıcıl qitə səhnəsinə çıxdıqdan sonra son iki mövsümü kənarda qalmışdı. 2019-cu ildə Avropa Liqasına sonuncu dəfə qatılan komanda 3 ildən sonra yenidən beynəlxalq arenada oynayacaq.

“Sabah”ın avrokuboklardan kənar qalması ilə Azərbaycan Avropada yeni komanda ilə təmsil olunmayacaq. İndiyədək 20 komanda qitə səhnəsinə çıxıb. “Neftçi” hamıdan çox – 21 dəfə buna nail olub. “Qarabağ” iki iştirak geri qalır. “Qəbələ” 7-yə çatmaqla 4-cü yerə şərik çıxıb. “Xəzər Lənkəran”la “Bakı” da eyni sayda mövsümdə avrokuboklara çıxıb.