“Real”ın bu mövsüm Çempionlar Liqasında etdiyi şey çılğınlıqdır. Bunu dünən də təkrarladı”.
Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin ispaniyalı futbolçusu Fernan Lopes Çempionlar Liqasının yarımfinal mərhələsində “Real”la “Mançester Siti” arasında keçirilən cavab oyunu barədə danışarkən deyib.
27 yaşlı orta sahə oyunçusu “kral klubu”nun son dəqiqələrdə vurduğu qollar sayəsində qazandığı qələbəni möhtəşəm geridönüş adlandırıb: “Real”ın “Santyaqo Bernabeu”da “şəhərlilər”i üstələyəcəyini gözləyirdim. Ancaq 86-cı dəqiqədə 0:1 hesabı ilə geridə olarkən Qrilişin zərbəsini Mendinin boş qapıdan qaytarmasından sonra ssenarinin belə olacağını təsəvvür edə bilməzdim. “Real” hələ Mançesterdəki görüşün ilk dəqiqəsində mübarizədən qopdu və dünən sona 7 dəqiqə qalmış qayıtdı. Bunları görməsəydim inanmazdım”.
Lopes həmyerlilərini final matçının favoriti saymır. Buna baxmayaraq, Madrid klubunun “Liverpul”u da üstələyəcək gücdə olduğunu vurğulayıb: “Düşünürəm ki, “Real”ın güclü rəqibləri mübarizədən kənarlaşdırmasına baxmayaraq, finalda favorit “Liverpul”dur. Hazırda “Mançester Siti” ilə birlikdə “Liverpul” dünyanın ən güclü komandasıdır. Amma “Real” da Çempionlar Liqası deməkdir. “Kral klubu” bu turnirdə hətta şansları az göstərildikdə belə, hər kəsi məğlub edə bilir. Nəticənin necə olacağını bilmirəm, ancaq əminəm ki, emosiyalarla dolu yaxşı bir şou olacaq”.
Fernan final qarşılaşması üçün Parisə getməyəcəyini söyləyib: “Oyunu mütləq izləyəcəyəm. Həmin vaxt İspaniyada olacağam. Finaldan həzz almaq üçün televiziya qarşısında olacağam”.
Qeyd edək ki, Mançesterdə 3:4 hesabı ilə uduzan “Real” Madriddə 3:1 hesablı qələbə qazanaraq, finala yüksəlib. İspaniya təmsilçisinin “Liverpul”la həlledici matçı mayın 28-də olacaq.