“Sabah” – “Neftçi”: “2 penalti və daha 2 qırmızı vərəqə verməli idi”
15.02.2022 - 14:20
“Sabah” – “Neftçi”: “2 penalti və daha 2 qırmızı vərəqə verməli idi”

“Sabah” – “Neftçi” oyunu hakim səhvləri ilə zəngin oldu. Referi 2 penalti və daha 2 qırmızı vərəqə verməli idi”.

Bunu apasport.az saytına açıqlamasında sabiq FIFA hakimi Əfqan Həmzəyev Azərbaycan kubokunun 1/4 final mərhələsində “Sabah”la “Neftçi” arasında keçirilən cavab görüşündəki epizodları dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə hər iki komandanın qapısına bir penalti təyin etməli idi: “Birinci hissədə “Neftçi”nin müdafiəçisi Azər Salahlının epizodu təmiz penalti idi. Çünki həmin anda əl açıq idi. Azərin epizodunda müdafiəçi topa tərəf əyilir, istər-istəməz qol açılır. Nə olsun ki, dirsək bədənə bitişikdir. Qolun dirsəkdən sonrakı hissəsi açıqdır və qapıya gedən topun qarşısını bilərəkdən kəsir. Bir də son dəqiqələrdə “Sabah”ın qapısına penalti verilməli idi. Zurab Oçiqava qapıçı ilə təkbətək çıxan rəqibi tutub saxlayırdı və üstəlik, topu əli ilə götürdü. Biri var səhv ola, bunu ancaq hakim görər. Amma bütün stadionun gördüyü səhvi hakim görmürsə və ya görmək istəmirsə, bu artıq səhv deyil. Belə bir səhvə yol vermək olmaz. Hakim həmin anda düşündü ki, “Sabah” 1:3 hesabı ilə məğlub durumdadır, üstəlik, eyni epizodda iki qırmızı vərəqə göstərmişəm, penaltini də versəm, məni öldürəcəklər”.

Həmzəyev görüşün 74-cü dəqiqəsində yaşanan gərginlik zamanı da hakimin səhvlərə yol verdiyini düşünür: “Aleksey İsayev və Səlahət Ağayevə göstərilən qırmızı vərəqədə haqlı idi. Amma verilməyən iki qırmızı da var idi. Həm Eddi İsrafilov kobudluğuna görə, həm də Zurab Oçiqava qarışıqlıq zamanı onun ayağını bilərəkdən tapdaladığı üçün meydandan qovulmalı idi”.

Qeyd edək ki, ilk oyunda qeydə alınan bərabərlikdən (1:1) sonra cavab görüşündə 3:1 hesablı qələbə qazanan “Neftçi” yarımfinala yüksəlib.