Premyer Liqada mövsümün sonuna bir tur qalmış avrokuboklara vəsiqə şansını itirən “Sabah” vaxt itirmədən heyətində təmizləmə işlərinə başlayıb.
Apasport.az saytının məlumatına görə, yay fasiləsində komandanı tərk edəcək ilk futbolçular artıq məlumdur.
Yerlilərdən Slavik Alxasov baş məşqçi Murad Musayevin planlarına daxil olmadığı üçün onunla başa çatan müqavilə yenilənməyəcək. Slaviklə yanaşı, sözləşməsi bitən xorvatiyalı müdafiəçi Şpiro Periçiçlə də yolların ayrılması qərara alınıb.
Baş məşqçi həmçinin yanvarda Braziliyadan gətirilən müdafiəçi Hiqor Qabriel və gürcüstanlı hücumçu Mixeil Erqemlidzenin də xidmətində maraqlı deyil. Ancaq onların sözləşməsinin davam etməsi bu məsələdə problem yarada bilər. Rəhbərlik Qabriel və Erqemlidzeni ayrılmağa razı sala bilsə, onlarla da vidalaşacaq. Digər variant adıçəkilən əcnəbilərin icarəyə verilməsidir.
Qeyd edək ki, “Sabah”ın Mixeil Erqemlidze ilə 2024, Hiqor Qabriellə isə 2025-ci ilə qədər müqaviləsi var.