“Sabah”ın futbolçusu tərbiyəsiz davranışa görə diskvalifikasiya olundu
29.12.2021 - 16:03
“Sabah”ın futbolçusu tərbiyəsiz davranışa görə diskvalifikasiya olundu

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, aşağı yaş qrupu üzrə çempionatlarda qeydə alınan neqativ hallarla bağlı qərarlar verilib.

Komitə, xüsusən də, qeyri-etik ifadə işlədən futbolçulara sərt üzünü göstərib. U-17 Liqasında “Qarabağ”la matçın sonlarında komanda yoldaşını təhqir edən “Turan Tovuz”un oyunçusu Rafiq Abdullayevə 3 matçlıq cəza kəsilib.

Həmin liqanın “Sumqayıt” – “Keşlə” görüşündə isə birincilərin üzvü Anar Əhmədzadə hakimi söyüb. Bu, onun 4 oyunluq diskvalifikasiya olunmasına səbəb olub.

U-13 Liqasında isə “Leon” FK ilə qarşılaşmada isə “Sabah”ın yeniyetmə futbolçusu Hüseyn Allahverdiyev tərbiyəsiz davranışa yol verib. O, rəqibi təhqir etdiyi üçün qarşıdakı 2 görüşü buraxacaq.

Bundan başqa, Yüksək Qızlar Liqasının “Qəbələ” FK – “Nuxa” (Şəki) oyununda “Qəbələ” ikinci hissədə meydana çıxmadığından, hesab olduğu kimi saxlanılmaqla adıçəkilən komandaya texniki məğlubiyyət verilib.