“Düşünürəm ki, “Legiya” səbirlə şanslarını gözləyəcək, oyunu əks-hücum üzərindən quracaq”.
Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın sabiq baş məşqçisi Çeslav Mixneviç komandanın Avropa Liqasının qrup mərhələsində Moskva “Spartak”ına qarşı keçirəcəyi oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis bu gün baş tutacaq qrupun son görüşündə varşavalıların əsas silahının Azərbaycan millisinin hücumçusu Mahir Emreli olacağını düşünür: “Hava legionerlər üçün üstünlük ola bilər. “Spartak”da daha texniki oyunçular var. Şaxta qazonun vəziyyətinə təsir edə bilər. Mahir Emreliyə uzun ötürmələr Polşa çempionunun təhlükəli silahı ola bilər. O, “Spartak”ın ləng olan mərkəz müdafiəçilərindən asanlıqla sıyrıla biləcək hücumçudur. Tomaş Pekhart oynasa, o zaman cinahlardan daha çox ötürmə gözləyin”.
Qeyd edək ki, “Legiya” – “Spartak” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.