“Sumqayıt” keçmişə qayıdır: 6 ilin ən zəifi
17.12.2021 - 14:43
“Sumqayıt” keçmişə qayıdır: 6 ilin ən zəifi

Cari mövsümün gedişində ən böyük geriləməyə malik komandası olan “Sumqayıt” ilin son matçında da uduzub.

Apasport.az saytının məlumatına görə, çempionatın startında liderlərdən olan “Gənclik şəhəri” təmsilçisi “Keşlə”yə 1:3 hesabı ilə məğlubiyyətdən sonra 7-ci pilləyə yuvarlanıb.

Komandanın aktivində vur-tut 12 xal var. Son illərdə milliləşən legionerlər hesabına güclənən və bunun sayəsində iddiaları böyüyən "Sumqayıt" avrokuboklara vəsiqələr uğrunda mübarizə aparırdı.

Bu üzdən də komanda artıq ilk 14 turluq bölümü daha uğurlu keçirirdi. Bir il əvvəl “Sumqayıt” 14 oyunda 19 xal yığmışdı. İndi isə bunun 2/3-si belə yoxdur. 

Ümumiyyətlə, əvvəlki 5 mövsümün nəticələri daha yaxşı olub. Sumqayıtlılar son 6 ilin antirekorduna imza atıb.

Komandanın belə az xal topladığına sonuncu dəfə 2015/16 mövsümündə təsadüf olunub. Həmin vaxtda da sumqayıtlılar 14 görüşdə 12 xalla kifayətlənib. 6 il öncəki nəticəni təkrarlayan klub tarixinin 3-cü ən zəif nəticəsinə şərik olub. Yalnız iki dəfə daha az xal əldə edilib.

Keçmişə - əvvəlki nəticələrinə qayıdan “Sumqayıt”ın rekordu 2017/18 mövsümündəki 20 xaldır. Antirekord isə 2013/14 mövsümündəki 7 xaldır.

“Sumqayıt”ın ilk 14 turda topladığı xallar:
2011/12 - 9
2012/13 - 14
2013/14 - 7
2014/15 - 14
2015/16 - 12
2016/17 - 17
2017/18 - 20
2018/19 - 15
2019/20 - 18
2020/21 - 19
2021/22 - 12