“Sumqayıt”da “yarpaq tökümü” – liderlər yol üstə
20.12.2021 - 17:02
“Sumqayıt”da “yarpaq tökümü” – liderlər yol üstə

Baş məşqçi Ayxan Abbasovla yollarını ayıran “Sumqayıt”da “yarpaq tökümü” davam edəcək.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisinin aparıcı futbolçuları komandada qalmaq istəmir.

Konkret olaraq müdafiəçilər Höccət Haqverdi, Camaləddin Xocaniyazov və yarımmüdafiəçi Rəhim Sadıxov daha iddialı klubda oynamaq niyyətindədir. Xocaniyazov vətəni Rusiyada axtarışlarını davam etdirirsə, Haqverdi “Neftçi”yə keçmək arzusundadır. “Ağ-qaralar”ın prezidenti Kamran Quliyev də bu keçiddə maraqlı idi. Lakin milliləşdirilmiş oyunçu ilə bağlı qərarı “Neftçi”nin yeni idman direktoru Zaur Əzizov verəcək.

O ki qaldı Rəhim Sadıxova, “kimyaçılar”ın prezidenti Riad Rəfiyev özü də onu satmaqda maraqlıdır. Gənc rəhbər hətta yığmamızın üzvünü “Neftçi” və “Sabah”a təklif edib.

Rəhimlə yanaşı, Höccət və Camaləddinin gedişi də rəhbərliyin ürəyincədir. Yüksək ödəniş səbəbindən yeni klub tapılsa, qış fasiləsində onlarla yollar ayrılacaq. Əks təqdirdə, hər üçü mövsümün sonuna qədər “Sumqayıt”ın formasını geyinmək məcburiyyətində qalacaq. Çünki müqavilələri davam edir və yüksək təzminat səbəbindən onların sözləşməsinə xitam verilməsi müzakirə mövzusu deyil.

Qeyd edək ki, Camaləddin Xocaniyazov və Rəhim Sadıxovun müqaviləsi mövsümün sonuna, Höccət Haqverdinin sözləşməsi isə 2023-cü ilin yayına qədərdir.