Uğursuz mövsüm keçirən “Sumqayıt” bir neçə aparıcı futbolçusu ilə yollarını ayırmalı olacaq.
Apasport.az saytının məlumatına görə, “gənclik şəhəri” təmsilçisi müqaviləsi başa çatan oyunçuları ilə yeni sözləşmədə ortaq məxrəcə gələ bilmir.
Milliləşdirilmiş futbolçular – müdafiəçi Höccət Haqverdi və hücumçu Əli Qurbani ilə növbəti danışıq da uğursuz nəticələnib. Buna səbəb rəhbərliyin onlara indikindən az maaş təklif etməsidir. Haqverdi və Qurbani hazırkı məvacibinin saxlanılması şərtilə qalmağa razıdır.
Digər müdafiəçi Camaləddin Xocaniyazovdan isə daha böyük fədakarlıq tələb olunub. “Kimyaçılar” rusiyalının maaşının 50 faiz azaldılmasını istəsə də, oyunçunun cavabı mənfi olub. Məhz bu səbəbdən 26 yaşlı futbolçu Premyer Liqanın XXVII turunda “Sabah”la (2:2) matçda ehtiyata atılıb.
“Sumqayıt”ın cinah müdafiəçisi Tellur Mütəllimov isə mövsümün sonunda “Sabah”la müqavilə imzalayacaq.