“Sumqayıt”ı “Neftçi”yə dəyişir
06.05.2022 - 09:23
“Sumqayıt”ı “Neftçi”yə dəyişir

“Sumqayıt”ın qapıçısı Aydın Bayramov bu ayın sonu komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, 26 yaşlı qolkiper “gənclik şəhəri” təmsilçisi ilə yeni müqavilədə heç cür razılıq əldə etməyib.

Klub rəhbərliyi ilə Azərbaycan millisinin üzvünün maliyyə şərtləri üst-üstə düşməyib. Bayramov daha yaxşı şətlərlə Premyer Liqanın başqa klubunda çıxış edəcək. Bu mənada “Neftçi” bir addım öndədir. Bu ilin əvvəlindən Aydını heyətinə cəlb etmək niyyətində olan paytaxt təmsilçisi onunla danışıqları intensivləşdirib.

Qapıçı özü də “Neftçi”nin formasını geyinmək arzusundadır. Bu üzdən onun “ağ-qaralar”la anlaşması gözlənilir. Bayramovun “kimyaçılar”la müqaviləsi yaya qədər olduğundan, o, yeni komandasına azad agent kimi keçəcək.

Qeyd edək ki, “Neftçi” qış fasiləsində Aydın Bayramovu transfer etmək istəsə də, “Sumqayıt”ın yüksək məbləğ tələbi səbəbindən keçid baş tutmayıb.