“Barselona”nın baş məşqçisi Ronald Kuman Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə keçirilən oyunda yaşanan qalmaqala münasibət bildirib.
Apasport.az saytının məlumatına görə, niderlandlı mütəxəssis görüş zamanı müdafiəçi Jerar Pike ilə hücumçu Antuan Qrizmann arasındakı mübahisəni ciddi problem saymayıb.
Kuman hətta buna sevindiyini vurğulayıb: “Komandada Pike və Qrizmann kimi futbolçuların olması çox yaxşıdır. Həmin hadisə matç zamanı yüksək gərginlikdən qaynaqlanırdı. Oyunda belə hadisə yaşanırsa, mənə görə problem yoxdur, əksinə, bu xoşuma gəldi. Əlbəttə ki, qarşılaşmadan sonra hamısı ilə ünsiyyətdə oluruq. Susmaq və sadəcə izləmək mümkün deyil”.
Qeyd edək ki, oyun PSJ-nin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Komandalar arasında cavab matçı martın 10-da Parisdə olacaq.