“Zenit” nümunəsi – “Qarabağ” üçün
24.02.2022 - 14:20
“Zenit” nümunəsi – “Qarabağ” üçün

“Marsel”in “Qarabağ”la ilk oyunda qazandığı 3:1 hesablı qələbə revanşı mümkün olmayan nəticə deyil.

Apasport.az saytının məlumatına görə, Fransa klubu avrokuboklar tarixində 2 dəfə belə üstünlük qazanıb.

Söhbət İntertoto kubokunu nəzərə almamaqla evdəki ilk görüşdə qazanılan 3:1 hesablı qələbədən gedir. “Marsel” iki qələbədən yalnız birində üstünlüyü qoruya bilib.

2007/08 mövsümündə UEFA kubokunun 1/8 finalında “Zenit”lə görüşən fransalılar öz meydanında 3:1 hesabı ilə qalib gəlib. Sankt-Peterburqda iki cavabsız qol vuran rusiyalılar mərhələ adlayıb. Düzdür, səfər qolu qaydası ləğv edildiyindən 2:0 hesabı “Qarabağ”ı növbəti mərhələyə deyil, öncə əlavə vaxta daşıyacaq. 14 il öncə bunu bacaran “Zenit” sonda turnirin qalibi olaraq kuboku başı üzərinə qaldırıb.

2017/18 mövsümündə Avropa Liqasının 1/8 finalında “Atletik”i eyni – 3:1 hesabı ilə məğlub edən “Marsel” bu dəfə tur adlayıb. Fransalılar səfərdə də qalib gəlib – 2:1.

Qeyd edək ki, “Qarabağ” – “Marsel” oyunu saat 21:45-də başlayacaq.