“Zirə” mövsümün ikinci yarısının hazırlıqlarını davam etdirmək üçün Türkiyəyə yollanıb.
Apasport.az saytının məlumatına görə, məşqlərinə yanvarın 2-də Bakıda başlayan paytaxt klubu bu gün səhər saatlarında Antalyaya uçub.
Rəşad Sadıqovun yetirmələri 2022-ci ildə ölkə xaricinə yollanan ilk Azərbaycan klubu olub.
“Zirə” Antalyada 3 yoxlama oyunu keçirməyi planlaşdırır. Qəsəbə klubu yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik” (Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. "Zirə” yanvarın 25-də Bakıya dönəcək.
Qeyd edək ki, “Zirə” Premyer Liqanın 14 turundan sonra turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.
