Premyer Liqanın XXVI turu avrokuboklarda Azərbaycanı təmsil edəcək daha bir komandanın adına aydınlıq gətirə bilər.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”la “Neftçi”nin ardından “Zirə” də bu hüquqa yiyələnməyə yaxındır.
Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda “Neftçi”nin də qatılacağı Konfrans Liqasına vəsiqənin bir addımlığındadır. Bu, mayın 8-9-dakı turda rəsmiləşə bilər.
“Qartallar”ın istənilən nəticə ilə Avropaya getməsi mümkündür. Lakin yalnız bir halda komandanın taleyi öz əlindədir.
“Zirə” qalib gəlsə, Konfrans Liqasında oynayacaq. İndiyədək heç vaxt “Qarabağ”a qalib gəlməyən qəsəbə klubu artıq çempionluğu təmin edən rəqibinin qonağı olacaq. Əldə olunacaq üç xalla komandanın aktivi 45 xala çatacaq. Bu, ilk “dördlük”də yerin təmin olunması və Avropaya vəsiqə deməkdir. Düzdür, “Qəbələ”nin 38, “Sabah”ın 36 xalı olduğundan onların üç qələbə ilə önə keçə biləcəyi görünə bilər. Amma bu komandaların öz aralarında da oyun olduğu üçün hər ikisinin 9 xal toplaması mümkünsüzdür. Yəni onlardan yalnız biri “Zirə”ni keçməyə nəzəri şansını saxlayacaq.
Sadıqovun yetirmələrinə bir xal da kifayət edə bilər. Amma bunun üçün əsas rəqiblərin də büdrəməsi lazımdır. “Sabah” “Səbail”ə və ya “Qəbələ” “Neftçi”yə uduzsa, “Zirə” 43 xalla da “dördlük”də olacaq. Qəsəbə təmsilçisinə heç-heçə rəqibləri uduzmasa da yetərli ola bilər. Bunun üçün hər iki xal itirməli, bir sözlə qalib gəlməməlidir.
Sadıqovun komandası “Qarabağ”a məğlubiyyətlə də Konfrans Liqasına vəsiqəni təmin edə bilər. Bunun üçün əsas rəqiblərdən olan “Qəbələ” uduzmalı, “Sabah” qalib gəlməməlidir.
Qeyd edək ki, “Zirə” Konfrans Liqasına vəsiqə qazansa, tarixində ikinci dəfə avrokuboklarda oynayacaq.