Neftin cazibəsi
31.03.2008 - 15:00
Neftin cazibəsi
Foqts yığmamızın sayca üçüncü əcnəbi baş məşqçisidir. Onun sələflərinin başımıza gətirdiyi oyunları, həmçinin onların başlarına gətirilən oyunları çoxları unutmayıb. Braziliyalı Karlos Alberto Torresin rəhbərliyi altında Azərbaycan milli komandası biabırçı məğlubiyyətlərə məruz qalmışdı. Bakıdan qalmaqalla ayrılan Torres hələ də özünə gələ bilməyib. Makedoniyalı Qyoko Hacievskiyə gəlincə, AFFA rəhbərliyi açıq-aşkar onun xidmətindən sui-istifadə etdi. Hacievskini də namizədlər arasında göstərən assosiasiya rəsmiləri onun başını yastığa qoyaraq, “saman altdan su yeritdilər”.
Hər halda, Foqtsun təyinatında bir çox maraqlı nüanslar var. Əvvəla, baş məşqçi axtarışlarında AFFA-nın vitse-prezidenti Elşad Nəsirov fəal iştirak edib. Dörd il öncə Torresin “kəşf olunması”nda da onun böyük əməyi olub. Ümid edək ki, cənab Nəsirov yaxın keçmişdəki səhvlərdən nəticə çıxarıb. Ancaq təəssüf doğuran məqam budur ki, AFFA prezidenti Rövnəq Abdullayev düzgün məlumatlandırılmayıb. Görəsən, Abdullayevə kim deyib ki, Nigeriya “zəif komanda”, Berti Foqts isə bu yığmanın xilaskarıdır? Şübhəsiz ki, yanlış informasiya verən vitse-prezidentlərdən biri və ya baş katibdir. Sizcə, zəif yığma FİFA-nın reytinq cədvəlinin 9-cu pilləsində qərarlaşa bilərdimi? Nigeriyalılar daima dünya çempionatı, Afrika Millətlər Kubokunda mükafatlar uğrunda mübarizə aparıblar. Foqts isə onlara heç nə qazandırmayıb, əksinə, onun rəhbərliyi dövründə Nigeriya reytinqdə 36 pillə geriləyib. Foqts son 12 ildə ciddi uğura imza ata bilməyib. Cənablar, niyə bu məlumatları prezident Rövnəq Abdullayevdən gizlətmisiniz?
Yeri gəlmişkən, ötən ay U-17 və U-21-ə baş məşqçi təyin olunmuş Bernard Lippert də mətbuata “peşəkar mütəxəssis” kimi sırınmışdı. Lakin araşdırmalar göstərdi ki, Lippert karyerası boyu həvəskar komandalarda çalışıb.
Ortaya daha bir sual çıxır: dünyanın ilk “onluğ”unda yer alan Nigeriyaya uğur qazandıra bilməyən Foqtsu səviyyəsi bəlli Azərbaycan yığmasında çalışmağa razı salan nədir? Bunun üçün almaniyalı məşqçinin son vaxtlar fəaliyyət göstərdiyi ölkələrin coğrafiyasına baxmaq kifayətdir. Küveyt, Nigeriya... Aydındır, Foqtsu “qara qızıl”lı dövlətlər cəzb edir. Bu mənada Foqtsun AFFA ilə əməkdaşlığa razılıq verməsində Azərbaycanın neft ölkəsi olmasının əsas amil olduğunu düşünmək olar. Axı, belə ölkələrdə adətən futbola səxavətlə pul ayırırlar. Puldan söz düşmüşkən, AFFA son iki ayda almaniyalılara külli miqdarda vəsait xərcləyib. Foqtsun yolunda xərclənən pulları başa düşmək olar. Milli komandanın baş məşqçisinə milyonlar vermək prezidentliyinin ilk günlərində Rövnəq Abdullayev üçün çətin deyil. Bəs Lippertin, eləcə də Botsvana, Uqanda, Əfqanıstandan gətirilmiş uşaq məşqçilərinin yolunda pullar nəyə görə havaya sovrulur? Dünya çempionatının seçmə mərhələsində Almaniya ilə eyni qrupa düşmüşük deyə, bəyəm əbəs yerə almaniyalı məşqçiləri maddi cəhətdən təmin etməliyik?
AFFA rəsmiləri belə israfçılığın qarşısını almalıdır. Əks təqdirdə, israfçılıq özü onların qarşısını alacaq. Berti Foqtsa isə uğurlar arzulamaq qalır. Təki, qazanacağı pullar onun başını gicəlləndirməsin!

















0