Sami Çölgeçen: “Azərbaycanlı iş adamının məqsədi “Antalyaspor”u yüksək liqaya çıxarıb, “Çelsi” səviyyəli komanda etməkdir”
21.04.2008 - 11:02
Sami  Çölgeçen: “Azərbaycanlı iş adamının məqsədi “Antalyaspor”u yüksək liqaya çıxarıb, “Çelsi” səviyyəli komanda etməkdir”
Bu sözləri “APA-Sport” agentliyinə Türkiyə Futbol Federasiyasının (TFF) xarici əlaqələr üzrə koordinatoru Sami Çölgeçen deyib. TFF rəsmisi ölkəsində futbolun necə inkişaf etdirildiyini xatırladıb: “Türk futbolunun inkişafındakı ən böyük faktor – mərhum Turgut Özalın cəsur islahatlarıdır. Biz 40 il Macarıstanı 3:1 udmağımızın məstliyi içində yaşamışdıq. Dünyadakı inkişaf dinamikalarını yaxşı dərk edən Turgut Özal futbolumuzun yeni mərhələyə qədəm qoyması üçün əlindən gələn hər şeyi etdi. Ölkədə futbol meydançaları yaratdı, daha sonra Futbol Federasiyasına muxtar status verildi. Özalın açdığı cığırla gedərək, biz 2002-ci il Dünya çempionatında üçüncü olduq”.
S.Gölgeçen Türkiyə futbolunun indi də çatışmazlıqlarının olduğunu etiraf edib: “Hazırda ən böyük nöqsanımız - dünyada oynayan türk futbolçularının sayının azlığıdır. Çox yaxşı futbolçular yetişdirə bilmirik. 70 milyon əhalisi olan Türkiyədən yığma komandaya 12 futbolçu seçə bilirik, Almaniyadakı 3 milyon türkün arasından isə 6 futbolçu gətiririk. Biz futbolu məktəblərə yerləşdirə bilmədiyimizə görə Türkiyədə futbolu yox, komandaları sevirlər. 1998-ci ildə çempion olan Fransa yığma komandasını çox xahiş-minnətdən sonra Türkiyəyə gətirdik. Ancaq stadiona çox az sayda azarkeş gəldi. Bu gün “Qalatasaray”, “Beşiktaş”, “Fənərbaxça” oynayanda, ən azı 30 min azarkeş stadiona gəlir. Futbolun Cənubi Amerikada güclü olmasının əsas səbəblərindən biri - idmanın bu növünün orada həqiqətən sevilməsidir. Bizim 16 yaşlılardan ibarət yığma komandamız Perudakı dünya çempionatında oynayanda matça 15 min azarkeş gəlmişdi - futbolu belə sevərlər. İndi FİFA hər ölkənin özünün oyunçular yetişdirməsini təşviq etmək məqsədi ilə qərar qəbul etməyə hazırlaşır. Bu qərara görə, hər komandanın meydançaya çıxacaq ilk heyətində 6 yerli oyunçu olacaq - meydançada eyni vaxtda 5 əcnəbi oynaya biləcək. Bu, xüsusilə orta səviyyədən aşağı futbolçuların transfer edildiyi ölkələr üçün yaxşı dərs olacaq. Fikir verirsinizsə, FİFA ölkələrin öz infrastrukturlarını yaratmalarına çox önəm verir”. S.Gölgeçen ölkəsinin beynəlxalq turnirlərin təşkilindəki uğurlarını önə çəkib: “2005-ci ildəki “Milan” – “Liverpul” final matçına hazırlıqları 30 nəfərlik Təşkilat Komitəsi ilə aparmışdıq. Bu barədə Federasiyamızın internet saytında da ətraflı məlumat görə bilərsiniz. 4-16 may tarixlərində Antalyada keçiriləcək final turnirində İsveçrə, Hollandiya, Fransa, İspaniya, Şotlandiya, İrlandiya Cümhuriyyəti, Türkiyə və Serbiya iştirak edəcək. Matçlar “Mardan” idman kompleksinin stadionunda oynanacaq. Bu kompleksin sahibi azərbaycanlı iş adamı Telman İsmayılovdur. Telman bəy stadionundakı matçlardan pul almayacaq. “Eurosport” kanalı 9 matçı canlı yayımlayacaq. UEFA bu turnir üçün 30 saniyəlik reklamlar hazırlayıb ki, oyunlar başlamazdan əvvəl bu reklamlar ekrana gələcək. Reklamlarda Telman İsmayılovun idman kompleksi də qısa şəkildə işıqlandırılır. Onun oğlu hazırda “Antalyaspor” klubunun vitse-prezidentidir. Hədəfləri bu il “Antalyaspor”u yüksək liqaya çıxararaq, daha sonra “Çelsi” səviyyəli komanda yaratmaqdır. Telman İsmayılov Antalyada 500 milyon avro dəyərində Avropanın ən böyük otel kompleksini də tikir”.
S.Gölgeçen Azərbaycanın da belə turnirlərin təşkilində fəal olmasını istəyir: “Azərbaycanlı qardaşlarımızın bu məsələlərdə daha fəal olmasını istərdim. Məsələn, ermənilər UEFA keçirmək istədiyi bütün turnirləri öz ölkələrində görmək istədiklərinə dair həmişə ərizə verirlər. İyulda 19 yaşlılar arasında keçiriləcək Avropa çempionatı üçün İrəvana gedəcəyəm. Türkiyə qardaş Azərbaycana hər cür dəstəyi verməyə hazırdır, ancaq ölkənizin də fəal olması lazımdır”.
0