“Neftçi” - “Xəzər-Lənkəran” oyununu almaniyalı hakimlərin idarə edəcəyi təsdiqlənib
06.05.2008 - 17:25
“Neftçi” - “Xəzər-Lənkəran” oyununu almaniyalı hakimlərin idarə edəcəyi təsdiqlənib
Bakı. Mehman Süleymanov – APA-Sport. Mayın 9-da startı veriləcək Azərbaycan Premyer Liqasının XXIV turuna təyinat alan hakimlərin adları müəyyənləşib. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın Hakimlər Komitəsinin (HK) sədri Xaqani Məmmədov məlumat verib. Onun sözlərinə görə, təyinatlar mətbuata bir qədər gec açıqlanacaq: “Təyinatlar məlum olsa da, indi bunu bəyan etmək istəmirəm. Çünki hakimlərin adları açıqlanandan sonra narahatlıqlar başlanır. Klublar tərəfindən müxtəlif məqsədli zənglər gəlir. Nəticədə hakimlərin oyunlara lazımınca hazırlaşmağa imkanları olmur. Bunu nəzərə alaraq, təyinatları turun startına çox az qalmış açıqlayacağıq”. HK-nın əvvəlki rəhbərliyi dövründə təyinatlar ən yaxşı halda, tura iki gün qalmış açıqlanırdısa, X.Məmmədovun komitə sədri vəzifəsinə keçdikdən sonra bununla bağlı vəziyyət dəyişib. Belə ki, Premyer Liqanın son turuna təyinatlar düz bir həftə öncə, keçən çərşənbə axşamı bəlli olub. Qarşıdakı turda bir görüşün almaniyalı hakimlərə tapşırılacağını təsdiqləyən HK rəhbəri iki matçda bu praktikanın həyata keçirilməsini real saymır: “Almaniyalıları çətin vəziyyətdə qoyuruq. Hazırda Almaniyada mövsümün qızğın vaxtı olduğu üçün, hakimlər məşğuldurlar. Ölkəmizə birdən-birə iki hakimlər briqadasının göndərilməsi çətin məsələdir. Qarşıdakı turda yalnız “Neftçi” - “Xəzər-Lənkəran” matçını almaniyalıların idarə etməsi nəzərdə tutulub”.
Qeyd edək ki, cari mövsümdə ölkə kubokunu da nəzərə alsaq, 4 oyun almaniyalı hakimlərə tapşırılıb.
0