“Xəzər-Lənkəran”ın 4 futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
07.05.2008 - 13:58
“Xəzər-Lənkəran”ın 4 futbolçusu “Neftçi”yə qarşı oynamayacaq
Bakı. Mehman Süleymanov – APA-Sport. “Xəzər-Lənkəran” klubu Azərbaycan Premyer Liqasının qarşıdakı turunda “Neftçi” ilə prinsipial oyuna ciddi itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, flaqmanla matça Bakıda hazırlaşan son Azərbaycan çempionu mayın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşdə 4 futbolçusu - Kamran Ağayev, Emin Quliyev, Nadir Nəbiyev və Ruslan Poladovun xidmətindən istifadə edə bilməyəcək. “Xəzər-Lənkəran”ın həkimi Boris Xetaqurov “APA-Sport”a açıqlamasında oyunçuların zədə ilə bağlı probleminin olduğunu bildirib: “Nadirin topuq nahiyəsindən ciddi xəsarət alıb. Hazırda futbolçunun ayağı gipsdədir. Ruslanın da zədəsi ciddidir. O, “Bakı” ilə son oyunda qasıq nahiyəsində əzələsini dartıb. Müalicə etdiyimiz Poladov 2-3 həftəyə sıraya dönəcək. Kamranın cərrahiyə əməliyyatı olunmasına ehtiyac olmasa da, hələ də Almaniyadadır. Omba əzələsini dartan Eminin sağalaraq məşqlərə başlasa da, onun meydana çıxması sual altındadır. Xeyli vaxtdır oynamayan Quliyev çətin ki, “Neftçi” ilə görüşdə iştirak etsin”. Komandanın kapitanı E.Quliyevlə N.Nəbiyev vaxtilə “Neftçi”nin heyətində həm Azərbaycan çempionu, həm də ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, cari mövsümün ilk dövrəsində flaqmanın şərəfini qoruyan N.Nəbiyev qış fasiləsində “Xəzər-Lənkəran”a keçib.
0