Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu ölkə futbolunda davam edən istintaqla bağlı açıqlama verib.
Apasport.az xəbər verir ki, TFF rəhbəri federasiyanın indiyədək səssiz qalmasının yanlış başa düşüldüyünü bildirib.
“Üz-üzə gələndə mənə bir kəlmə belə deyə bilməyənlərin indi bizim susmağımızı başqa cür yozduğunu görürəm. Məsuliyyət daşıdığımız və istintaq davam etdiyi üçün danışmırıq. Amma bəziləri bundan istifadə edib özlərini ön plana çıxarmağa çalışır.
Mən həyatım boyu nəticəsi nə olursa-olsun, mübarizədən çəkinməmişəm. Dövlətimizə güvənirik. İnsanlarımızı sakit olmağa çağırırıq. Bu prosesdə üzərimizə nə düşürsə, edəcəyik. Hansı tədbiri görmək lazımdırsa, görəcəyik, hansı addımı atmaq lazımdırsa, atacağıq”.
Hacıosmanoğlu Türkiyə futbolunda illərdir yığılıb qalan problemlərin indiki TFF rəhbərliyinin üzərinə atılmasına da etiraz edib:
“Türkiyə futbolunda 15, 20, hətta 30 ildir davam edən problemləri gəlib bizim iki illik rəhbərliyimizin boynuna qoymasınlar. Heç kim bütün bunlar elə bizim dövrümüzdə yaranıbmış kimi davranmasın”.
TFF prezidenti televiziya və sosial şəbəkələr vasitəsilə federasiyaya nə etməli olduğunu deməyə çalışanlara da cavab verib:
“Televiziyalara çıxıb, sağda-solda yazıb, sosial şəbəkələrdə ‘bunu edin, onu edin’ deyənlərlə məşğul olmağa vaxtımız yoxdur. İndiyə qədər buna vaxt ayırmamışıq, bundan sonra da ayırmayacağıq”.
Qeyd edək ki, “Hakimlər dosyesi” ilə bağlı aparılan istintaq çərçivəsində MHK sədri Ferhat Gündoğdu, Ferdi Karadoruk, Ahmet Şahin, Yunus Yıldırım, Sebahattin Şahin, Alican Sağlar və Emre Kosif saxlanılıb. Onlardan Gündoğdu, Karadoruk, Yıldırım, Sağlar və Kosif barəsində həbs qərarı verilib. Ahmet Şahin və Sebahattin Şahin isə ölkədən çıxış qadağası və imza öhdəliyi ilə sərbəst buraxılıb.
Bundan başqa, Super Liqa hakimi Yasin Kol və köməkçi hakim Göktuğ Hazar Erel də istintaq çərçivəsində saxlanılıb.