“Qalatasaray” - “Kayserispor” matçının epiloqu
16.05.2008 - 12:32
“Qalatasaray” - “Kayserispor” matçının epiloqu
Türkiyə Superkuboku uğrunda “Qalatasaray” - “Kayserispor” matçının avqustun 17-də Azərbaycanda keçirilməsi variantı çoxlarımızın sevincinə səbəb oldu. Qonşu ölkənin iki adlı-sanlı klubunun Bakıda mübarizə aparmasından, türklərin bizə göstərdiyi etimaddan yaxşı nə ola bilərdi ki?! Bununla bağlı şirin xəyallarımız, sevinc hisslərimiz, fantaziyalarımızın “ömrü” isə cəmi iki gün sürdü. Bəlkə də ölkəmizin bu nüfuzlu oyunu keçirməkdən imtina etməsini təəccüblə qarşılamaq lazım deyil. Axı, AFFA bizə nə vaxt futbol bayramı bəxş edib ki?
“Qalatasaray” - “Kayserispor” görüşü Azərbaycanın ən böyük və ən abırlı arenası sayılan Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Hətta Türkiyə Futbol Federasiyası prezidentinin baş məsləhətçisi Süheyl Önən stadionun ot örtüyünü nəzərdən keçirmiş və razılığını bildirmişdi. Bundan sonra AFFA rəhbərliyi türklərin müraciətinə müsbət cavab versəydi, məsələ həllini tapacaqdı. Ancaq milli assosiasiyamızın rəsmiləri şok effektli qərar çıxardılar. AFFA-nın qərarına əsasən, Respublika stadionunda qaçış cığırı, tablo və turniketin dəyişdirilməlisinə ehtiyac olduğundan burada oyun keçirmək mümkün deyil. Məncə, qaçış cığırı, tablo və turniketdən öncə AFFA-dakıların futbola baxışı dəyişməlidir. Futboldan başı çıxıb-çıxmayanların toplaşdığı quruma bel bağlamaq olarmı? Burada kimisi neft, kimisi biznes, kimisi isə təhsil sahəsində uğur axtarışına çıxıb. Futbolumuzun mövcud problemlərini, gələcəyini isə düşünən yoxdur. Cənab AFFA prezidenti, ölkəmiz 2016-cı il Yay Olimpiya Oyunlarını təşkil etməyə namizəddir. Çox güman ki, siz özünüz də bu ideyanı dəstəkləyənlər sırasındasınız. Olimpiada keçirməyə iddialı paytaxtımızın bir futbol oyununu təşkil edə bilməməsi gülünc deyilmi? “Qalatasaray” - “Kayserispor” qarşılaşması ilə bağlı çıxarılan qərarın fərqindəsinizmi?
Mən bir məqamı anlaya bilmirəm, Respublika stadionu ilin 11 ayı təmirdə olur. Təmir işləri nə vaxt başa çatacaq, nəhayət, arenaya yiyə dura biləcəyikmi? “Qalatasaray” və “Kayserispor” komandaları Bakıya gəlsəydilər, bir-iki təşkilati iş görmək lazım gələcəkdi. Bu isə məsuliyyət deməkdir. Şübhəsiz ki, AFFA rəsmiləri məsuliyyəti öz üzərlərinə götürməkdən çəkiniblər. Çünki təşkilatçılıq bacarığı onlara yaddır. Təsəvvür edin ki, paytaxtımıza “Qalatasaray” və “Kayserispor”un minlərlə azarkeşi təşrif buyuracaqdı. Onların səfərindən hətta maddi gəlir əldə etmək, ölkədə turizmin inkişafına töhfə vermək olardı. Ən əsası isə əla təşkilatçılıq işi sayəsində digərlərinin bizlərə yuxarıdan aşağı baxmasının qarşısını almaq mümkün idi. Bizim assosiasiyada isə yalnız “Top festivalı” keçirməyi, veteranlarla görüşməyi, klubların adının dəyişdirilməsi ilə əlaqədar kuryoz ideyalar irəli sürməyi və buna bənzər lazımsız işlər görməyi bacarırlar.
Xəbəriniz varmı ki, Türkiyə Futbol Federasiyasının rəsmisi Bakıya gələrkən AFFA-nın baş katibi Elxan Məmmədov onun səfərinin gizli saxlanılması üçün bərk-bərk tapşırıq verib. Sanki Milli Təhlükəsizlik Nazirliyi hansısa mafiyanın izinə düşərək, məxfi əməliyyat keçirir. Məgər, türklərin müraciətini əsas götürərək Azərbaycanımızı, o cümlədən idmanımızı, mədəniyyətimizi, iqtisadiyyatımızı təbliğ etmək olmazdımı?
Azərbaycanın futbol təsərrüfatında baş verənləri anlamaq üçün Nostradamus olmaq belə azdır. Bir neçə gün öncə AFFA işçilərinin mətbuatla ünsiyyətinə qadağa qoyulub. Assosiasiya rəsmiləri ilə danışmaq üçün gərək adını çəkməyə ərindiyim AFFA-nın mətbuat katibindən icazə alınsın. Əslində, deyəsən, bu qərar xeyli öncə verilib. Belə olmasaydı, “Qalatasaray” - “Kayserispor” oyununun Bakıda keçirilməsi ilə bağlı Türkiyə Futbol Federasiyasının başqandan savayı, bütün yetkililərindən açıqlama aldığımız halda, AFFA-nın hansısa təmsilçisindən də məsələyə münasibət öyrənmək mümkün olardı. Amma belə əcaib qərar çıxarmaqda düz ediblər. Elxan Məmmədovun, eləcə də, AFFA-dakı digər rəsmilərin bundan sonra danışmağındansa, danışmamaları daha yaxşıdır... Danışıb nə deyəcəklər ki?


0