Əsgər Abdullayev: “Çempionluq qapısının astanasında kimisə irəli buraxmaq doğrudan da adama çox pis təsir edir”
18.05.2008 - 13:21
Əsgər Abdullayev: “Çempionluq qapısının astanasında kimisə irəli buraxmaq doğrudan da adama çox pis təsir edir”
Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Olimpik” klubunun baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın hesabat turunda “Xəzər-Lənkəran”la səfər matçından sonra bildirib.
Son Azərbaycan çempionu ilə Lənkərandakı görüşdə qolsuz heç-heçədən razı qalan 48 yaşlı mütəxəssis ikinci dövrədə xidmətindən istifadə etdiyi, vacib qollara imza atan Samir Musayevin ehtiyatda qalmasına belə izah verib: “Samir çox səviyyəli, taran tipli hücumçudur. Meydanda yaxşı açılmağı bacarır. Amma bizə “Xəzər-Lənkəran”la oyunda daha sürətli, əks-hücumlarda oynana bilən hücumçu lazım idi. Buna görə irəlidə Fərrux İsmayılovdan istifadə edəsi olduq”. Həm “Olimpik”in, həm də özünün məşqçilik karyerasında ilk çempionluğunun bir addımlığında olan Ə.Abdullayev son turda “Şəfa” stadionunda görüşəcəkləri “Qarabağ”ı çox güclü komanda sayır: “Bu komandanın sükanı arxasında olan türkiyəli həmkarım Rasim Karanın böyük işi var. Hesab edirəm ki, ”Qarabağ” heç də əsasən rəqib olmadığı üçün, son turda bizi çətin sınaq gözləyir. Hər halda, bu oyuna hazırlaşmağa 11 gün vaxtımız var. Mövsümün sonu, bəzi zədəli futbolçularımızın olduğunu nəzərə alsaq, bu qədər vaxt pis deyil. 11 gün bizə kifayət edir və son tura hazırlıq prosesində çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Bütövlükdə götürdükdə, bundan səmərəli istifadə etmək olar”.
“Olimpik”in çalışdırıcısının sözlərinə görə, hesabat turunda “Neftçi”dən xal alan “Qarabağ”la görüşdə yalnız heç-heçəyə oynamaq riskli addımdır: “Son turda buna çalışsaq, bir xaldan da məhrum ola bilərik. “Qarabağ”ın bizə qarşı necə mübarizə aparacağını deyə bilmərəm. Proqnoz verməyi də xoşlamıram. Hər halda, bu futboldur və istəyimiz çempion olmaqdır. Allahın köməyi və öz zəhmətimizlə bunu həyata keçirəcəyik. Çünki bura qədər gəlib, qapının astanasında kimisə irəli buraxmaq doğrudan da adama çox pis təsir edir. İnşallah, son turda çempionluq istəyimizə nail olmağa çalışacağıq”.
Qeyd edək ki, “Olimpik” “Xəzər-Lənkəran”ın ardından mayın 27-də “Qarabağ”a da uduzmamaqla ilk dəfə Azərbaycan çempionu olacaq.
0