Dmitri Kramarenko 525, Fərhad Vəliyev 439 dəqiqədir qol buraxmır
19.05.2008 - 17:29
Dmitri Kramarenko 525, Fərhad Vəliyev 439 dəqiqədir qol buraxmır
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun qapıçısı Dmitri Kramarenko 525 dəqiqədir qol buraxmır. “APA-Sport” agentliyinin məlumatına görə, cənub təmsilçisi Azərbaycan Premyer Liqasında ardıcıl 5-ci oyunda da qapısının toxunulmazlığını qoruyub. Çempionatın XXV turunda “Olimpik”lə qarşılaşan “Xəzər-Lənkəran” son dəfə “İnter”lə görüşdə qapısından qol buraxmışdı. Aprelin 13-də keçirilən XXI tur çərçivəsində baş tutan həmin oyunda D.Kramarenkonu Valter Quqlemon məyus etmişdi. Həmin matçın sonrakı 75 dəqiqəsi və növbəti 5 qarşılaşmada 34 yaşlı qapıçı qol buraxmayıb. Hazırda “quru” seriyası davam edən qapıçılar arasında ikinci pillədə Fərhad Vəliyev qərarlaşıb. Maraqlıdır ki, ötən tur bir qapıçının seriyasını qıra bilməyən “Olimpik” qarşıdakı matçında F.Vəliyevin çıxış etdiyi “Qarabağ”la görüşəcək. Qeyd edək ki, ağdamlıların qapıçısı da son dəfə “İnter”lə oyunda qapısında qol görüb və artıq 439 dəqiqədir seriyasını davam etdirir.
0